"İdeya" Tərcümə Mərkəzinin İcraçı Direktoru Nərmin Əlizadənin fins.az saytına müsahibəsi

"Ölkədə ödənişləri bütün terminallar vasitəsi ilə qəbul edirik"
Necə oldu ki, biznes qurmaq qərarına gəldiniz?
— Şirkətin təsisçisi həyat yoldaşımdır. O, tərcümə sahəsinin adamıdır və bu sektoru, onun problemlərini içdən bilir. Bu sahədə göstərilən xidmətin keyfiyyətinin ümumən aşağı olduğunu görərək elə bir şirkət yaratmaq qərarına gəldik ki, bizə müraciət edən müştəri həm tərcümənin keyfiyyətindən, həm xidmətin səviyyəsindən razı qalsın. Sektorun problemlərinə öz həllərimizi təklif etdik, Azərbaycan bazarına yeniliklərlə gəldik, sadəcə adi, sıradan bir tərcümə mərkəzi yaratmadıq. Məsələn, tərcümənin ödənişini onlayn və ya terminallarla ödəmə imkanı. Bunu tətbiq etməklə müştərinin yolda vaxt itirib ofisimizə gəlmədən rahat ödəniş etməsini tətbiq etdik.
Biznesin bu sahəsini başqa biznes sahələrindən fəqləndirən və üstün edən spesifik xüsusiyyətləri var?
— Tərcümə sahəsi sadəcə biznes fəaliyyəti deyil, həm də müxtəlif dillərdə danışan insanlar, mədəniyyətlər arasında körpü rolunu oynamaqdır. Tərcümə sənəti incə bir işdir. Düzgün edilməyən bir tərcümənin ciddi problemlərə yol açdığı hallar dünya praktikasında çox olub. Məsələn, keçmiş SSRİ-nin baş katibi Xruşovun BMT-nin tribunasından çıxışı zamanı bir səhv tərcümə dünya siyasətində ciddi narahatçılığa səbəb olmuşdu.

Bu sahənin ən əsas fərqi insan amilindən çox asılı olmasıdır. Yəni nə qədər tərcümə proqramları çıxsa da, tərcümə sırf insanın gördüyü işdir. Bu barədə çox danışılsa da, insansız tam avtomatlaşdırılmış tərcümə yaxın gələcəkdə hələ mümkün görünmür. Çünki proqramlar yalnız sözləri hərfi tərcümə edir, hissləri, emosiyaları tərcümə etmir.
Sizdən uğurun formulunu soruşsalar cavabınız nə olardı?
— Uğurun formulu bazarın tələbatını dəqiq öyrənmək və ona uyğun məhsul təklif etməkdir. Bundan başqa, öz işini sevmək, əzmkarlıq, çətinliklərdən və səhv etməkdən qorxmamaq, bir dəfə alınmayıbsa yenidən cəhd etmək. Həyatda uğur qazanmış hansı insandan soruşsanız deyər ki, dəfələrlə səhvlər edib, uğursuzluqlarla üzləşib, ancaq heç vaxt təslim olmayıb.
Sizin şirkət nə ilə fərqlənir?
— Azərbaycanda ilk dəfə "İdeya" Tərcümə Mərkəzi müştərilərimizin rahatlığını düşünərək və onların vaxtlarına dəyər verərək tərcümələrin ödənişini onlayn, eləcə də Milliön və E-manat terminalları ilə ödənişini mümkün edib. Bundan başqa, yalnız bizdə bütün tərcümələr müştəriyə göndərilməmişdən əvvəl peşəkar redaktorlar tərəfindən yoxlanır və bu xidmət tam pulsuzdur. Beləliklə, öz xidmətimizin tam keyfiyyətini təmin edirik.

Biz müştərilərin məlumatlarının konfidensiallığına sözdə yox, əməldə riayət edirik. Bütün tərcümələr word-də yox, xüsusi onlayn platformamızda yerinə yetirilir, tərcüməçi və redaktorlar buradan materialı götürə bilməz. Hər müştəriyə individual tərcümə yaddaşı, terminlər bazası yaradırıq. Müştərilərlə əlaqələr CRM sistemi əsasında qurulub, NPS daima ölçülür.Digər fərqlərimiz, 24/7 tərcümə sifarişləri qəbul edirik. Müraciət daxil olduqdan sonra 30 dəqiqə ərzində onu cavablandırırıq.
Azərbaycanda yaxud bu regionda hansı böyük şirkətlərlə əməkdaşlıq etmisiniz?
— Sumqayıt Texnologiyalar Parkının məhsullarının kataloqlarını və digər materiallarını müxtəlif dillərə tərcümə etmişik, STP-nin yeni saytının tərcüməsi bizə məxsusdur, həmçinin onların əvvəl tərcümə olunmuş xeyli sayda materialını redaktə etmişik. Əməkdaşlıq elədiyimiz digər böyük şirkətlər sırasında SOCAR, BASF, Siyəzən Broyler, SGS, Günaybank, Havas və s. göstərə bilərik.
Yeni müştərilər cəlb etmək və yeni əlaqələr qurmaq üçün hansı üsullardan istifadə edirsiniz?
— Biz demək olar ki, özümüz müştəri axtarmırıq. Təklif etdiyiniz xidmət keyfiyyətli və yüksək səviyyədə olsa, müştərinin tələblərini qarşılayırsa zaman keçdikcə artıq barənizdə məlumatlı olacaqlar. Ən yaxşı reklam haqqınızda dildən-dilə müsbət fikrin yayılmasıdır.
Sizin tərcümə mərkəzində hansı növ mətnlər tərcümə olunmur?
— "İdeya" Tərcümə Mərkəzi bütün dillərə hər mövzuda mətnlər, təqdimatlar, videoçarxlar və s. tərcümə edir. Bilmədiyimiz dil yoxdur. Mətnin mövzusuna əsasən həmin sahə üzrə ixtisaslaşmış tərcüməçi təyin edilir. Lazım olduqda tərcümənin edilməsi üçün xaricdən dil daşıyıcısı da cəlb edirik.
Qeyri-etik mətnlərin tərcüməsi üçün sizə müraciət edilir?
— "Bu günə qədər belə sifariş almamışıq. Düşünürəm ki, peşəkarlıq verilmiş mətnin doğru tərcüməsinin yerinə yetirilməsindən ibarətdir, etik və ya qeyri-etik olmasından asılı olmayaraq.


Mənbə: fins.az
Həftədə 1 dəfə çıxan məqalələrə yazılmaq üçün:
Başqa məqalələr:
Made on
Tilda