Test tərcümənizin qəbul olunmamasını istəyirsinizsə belə edin

Bir çox tərcümə mərkəzi əməkdaşlığa başlamazdan əvvəl test tapşırığı yerinə yetirməyinizi xahiş edir və bundan inciməyə dəyməz. Test tərcümə etməyi öhdənizə götürmüsünüzsə, daima namizədlərin tərcümə testlərini yoxlayan redaktorun bəzi zərərli məsləhətləri ilə tanış olun.
"Anam deyir ki, mən çox yaxşı tərcüməçiyəm –
deməli, redaktor da eyni cür düşünəcək"
Test tapşırığında əsas amil ona minimum vaxt ayırmaqdır. Bu bir testdir, real sifariş deyil. Mətni tələsik yazaraq, tərcüməni iş arası yerinə yetirin - yaxşı redaktora peşəkarlığınızın səviyyəsini qiymətləndirmək üçün bu kifayət edəcək. İşəgötürən kiminlə iş gördüyünü başa düşəcək, sizinlə əlaqə saxlayacaq və dərhal böyük bir layihə tərcüməsi verəcək. Bunu başa düşmək üçün ona tələsik yazılmış mətn kifayət etməzsə, deməli özü günahkardır.
Orijinal mətni təkmilləşdirin
Test mətni çox güman ki, darıxdırıcıdır. Buna görə də onu epitet və metaforalarla təkmilləşdirməyə dəyər. "Yaponiya" yerinə "Gündoğan ölkə", "Böyük Britaniya" yerinə "Dumanlı Albion" və s. yazın. Qarşınıza insanın xarici görünüşünün təsviri çıxsa, onu sadəcə bədii tərcümə etməyin, həm də özünüzün həmin insanı necə təsəvvür etdiyinizi təsvir edin. Və əksinə: ən sıxıcı yerləri buraxa bilərsiniz - onlar heç kimə maraqlı deyil.
"Word"dən başqası yalandır
Tərcüməçinin işləməsi üçün "Windows" və "Word"ün kifayət etdiyini düşünürsünüz, ancaq sizdən tərcüməni hansısa "Trados Studio" proqramında təhvil verməyinizi xahiş edirlər. Fikir verməyin, faylların təhvil verilməsi barədə təlimatları oxumağa ehtiyac yoxdur. Siz tərçüməçisiniz, sisadmin deyilsiniz. Sizin sahəniz dilçiliyin məqamlarıdır, faylların formatları, seqmentlər və termin bazaları deyil. Teqlər proqramistlər üçündür. Bir tibb tərcüməçisi teqləri yanlış yerləşdirdiyi üçün ona irad tutulduğuna görə "Niyə mən bu xırdalıqlarla məşğul olmalıyam? Mənim işim tibbi tərcümə eməkdir", - deyə çox qəzəblənmişdi.
Sizə tanış olmayan sözün mənasını araşdırmayın
Mətndə hansısa hissə aydın deyilsə, mənasını başa düşmək üçün Google-a əziyyət verməyin. Dil zəngindir – bir sözün onlarla mənası ola bilər, özü də bəzən onlar əks məna verə bilər. Qoy mətnin mənası təhrif olunsun və ya tamamilə itsin – bunun sizinlə heç bir əlaqəsi yoxdur, orijinal mətn özü belədir. Tərcümə yaradıcı işdir, sizin tam olaraq mövcud mənalardan birini seçmək hüququnuz var. Ən çətin vəziyyətdə sözü tərcümə etməyib sarı ilə işarələyin, qoy redaktor sizin əvəzinizə fikirləşsin.
Nə qədər çox mövzu ilə işləsəniz, sifarişləriniz bir o qədər çox olar!
Üzərində çalışdığınız mövzuları göstərərkən əsas odur ki, təvazökar olmayasınız. "Doktor Haus" serialına baxmısınız, elə deyilmi? - cəsarətlə qeyd edin: "tibbi tərcümələr edirəm". Hər halda, həkimlər nə yazdığınızı anlayarlar.

Mütləq "marketinq" qeyd edin. Bu, ümumiyyətlə ən asan tərcümə növüdür. Əsas odur ki, daha uzun və xarici sözlərdən istifadə edəsiniz. İsimlərin yiyəlik halları çoxluğundan konstruktların implementasiya edilməsinə dair geniş təcrübə son istifadəçini premial ekspiriens ilə təmin edir və dəfələrlə oxumağa ehtiyac olmadan yazılanın tam anlaşılmasına zəmanət verir.
Kim dedi ki, kompüter tərcüməsi pisdir?
"Google Translate" boş yerə yaradılmayıb. Mətni ora atırıq, sonluqlarını düzəldirik və özümüzünkü kimi qələmə veririk. Az səy, çox fayda - profit! Tapşırığınızı yoxlayan heç nə anlamayacaq. Ümumiyyətlə, kim dedi ki, kompüter tərcüməsindən istifadə etmək olmaz? O da tərcümədir, amma kompüter tərcüməsi.
"Deadline" qorxaqlar üçündür
Test tapşırığını vaxtında təhvil vermək mütləq deyil. Əvvəlcə işəgötürənə bildirin ki, çox məşğul insansınız və tapşırığı vaxtınız olanda edə biləcəksiniz. Dərhal dəqiqlik nümayiş etdirməyin. "Deadline" heç nəyə təsir etməyən bir formallıqdır.
Hələ tənqid də edirlər?
Əgər işəgötürən sizi nəinki işə qəbul etməyib, hələ üstəlik yerinə yetirdiyiniz test tapşırığındakı səhvlərinizi təsvir edərək mənfi rəy göndəribsə, onun cavabını verin! "Digər müştərilər hər şeydən məmnun qalır", - deyə vurğulayın. "Bu təlimatı oxuyan adam onsuz da routeri modemdən ayırd etmir", - deyə izah edin.

Necə dəyərli mütəxəssis olduğunuz, harada təhsil aldığınız və neçə diplomunuzun olduğu barədə ona xatırlatmağa dəyər. Məktubunuzu daha effektli edin: çoxlu nida işarələri qoyun, böyük hərflərlə yazın və qıcıqlandırmaq üçün bir neçə qrammatik səhv buraxın – onda məktub canlı və inandırıcı görünəcək. Belə bir məktubdan sonra işəgötürən səhvini başa düşəcək və sizin haqqınızda fikrini dəyişəcək.
E-mail ünvanınız özünüz kimi maraqlı olmalıdır
Test tapşırığını nəzərə çarpan, cəlbedici e-poçt ünvanından göndərin – məsələn, malinka2007, bomba_oglan26. Və ya əksinə, özünüzə 7^fFJs%kd02 ləqəbini götürün, qoy daha maraqlı olsun.

Məktubun mövzusunda yararsız bir şey yazın – məsələn, "Mətn" və ya "Tərcümə". Qoy redaktor bu nə mətnidir və kimdəndir deyə zehnini işlətsin. Daha yaxşısı isə, mövzu yerini boş saxlayın.

Bütün bunlar sizi çoxşaxəli yaradıcı insan kimi səciyyələndirir. Bundan əlavə, tapşırığınızı yoxlayacaq redaktorun yadında qalacaqsınız.
Əgər ciddi olsaq, test tapşırıqlarında sizə ürəkdən uğurlar diləyirik. Testdən uğurla keçsəniz şad olarıq.
P.S.
- Apardığımız statistikaya görə, tərcüməçi vakansiyası üçün müraciət edənlərin təxminən 70%-i məktəbdə keçilmiş punktuasiya, qrammatika və orfoqrafiya qaydalarını bilmir. Yəni ali təhsil diplomuna sahib olmalarına baxmayaraq savadsız olurlar.

- Şirkətimizə əməkdaşlıq üçün müraciət edənlərin yalnız 10% -ə qədəri tərcümə testini məqbul səviyyədə edə bilir.
Faydalı oldumu?
Başqa məqalələr:
Yeni məqalələrə yazılmaq üçün:
Made on
Tilda